Erməni vandalizmindən ən ağır yara almış Ağdam bugün yenidən dirçəlir
Ötən əsrin doxsanıncı illərinin əvvəllərində Ermənistan havadarlarının dəstəyi ilə Azərbaycana qarşı işğalçılıq siyasətinə başlayanda zəbt olunan ərazilərdən qovulan insanlar Ağdama üz tuturdular. Qaçqınlıq taleyinin uzun çəkməyəcəyini düşünən soydaşlarımız buranı ümid yeri hesab edirdilər. Ağdamlılar da onlara canıyananlıqla qucaq açaraq rahatlıqlarının təmin olunması üçün hər şeyi etməyə çalışırdılar. 23 iyul 1993-cü il tarixində isə Ağdamın özü də süqut etdi və rayonun ərazisinin təxminən 70 faizi ermənilərin nəzarətinə keçdi. İşğal nəticəsində Ağdam rayonunun 38 kolxozu, 12 sənaye obyekti, 74 məktəbi, 271 mədəniyyət evi, bütün dünyada yeganə olan Çörək muzeyi, 67 idarə və 99 klubu düşmən əlinə keçmişdir. Ağdam uğrunda gedən döyüşlər zamanı 6 mindən artıq insan şəhid olmuş, minlərlə insan yaralanmış, əhali öz doğma ev-eşiyindən qovularaq məcburi köçkün kimi Azərbaycanın 59 rayonunun 875 yaşayış məntəqəsində məskunlaşmışdır.
Vətən müharibəsində əldə etdiyimiz qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, Azərbaycan Ordusu bir güllə belə atmadan, itki vermədən, yalnız Ermənistanı kapitulyasiyaya məcbur etməklə Ağdamı işğaldan azad etdi. İşğaldan azad olunmuş Ağdam erməni vandalizmin şahididir Ağdamı xarici və yerli jurnalistlər Qafqazın Xirosiması adlandırıblar.. Azad edilmiş torpaqlarda hər şey dağıdılıb. Ermənistan qəsdən mədəni və dini abidələrimzi vandalizmə məruz qoymuş, təhqir və qarət etmişdir. Ağdam rayonunun ərazisində qədim tarixə malik olan çoxlu memarlıq və incəsənt abidələri var idi. Ağdamdakı memarlıq abidələri müxtəlif tarixi dövrləri əks etdirən nadir nümunələrdir. Bu maddi-mənəvi abidələr müxtəlif bölgülər əsasında qruplaşdırılmış və hər biri tarixə əsaslanaraq, “Azərbaycan Respublikasının ərazisində dövlət mühafizəsinə götürülmüş daşınılmaz mədəniyyət abidələrinin əhəmiyyət dərəcəsinə görə bölgüsü” adlı kitaba daxil edilmişdir.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad olunmuş Ağdam şəhərinə gəldilər. Prezident İlham Əliyev Ağdam şəhərində Azərbaycan bayrağını qaldırdı. Prezident İlham Əliyev çıxışında qeyd etdi: “Bu gün tarixi bir gündür. Biz şanlı Qələbəmizi qeyd edirik. Dağılmış Ağdam şəhəri erməni vəhşiliyinin şahididir. Biz Ağdam şəhərini bərpa edəcəyik, bütün kəndləri bərpa edəcəyik. Heç kimdə bu haqda şübhə olmasın. Bu, böyük iş olacaqdır.” .
2021-ci mayın 28-də Ağdama səfər çərçivəsində dövlət başçısı Bərdə-Ağdam avtomobil yolunun, 125 hektarlıq Ağdam şəhər meşə-parkında ağacların əkilməsi, Ağdam şəhərində inşa olunacaq ilk yaşayış binasının, Ağdam Sənaye Parkının, Zəfər muzeyinin və açıq hava altında İşğal muzeyinin, 140 illik tarixi olan Ağdam şəhər 1 saylı məktəbin yeni binasının təməlqoyma və Ağdam şəhərinin bərpasının təməl daşının qoyulması mərasimlərində iştirak edib. Döyüş meydanında parlaq Qələbə qazanan Azərbaycan siyasi meydanda da istəyinə nail oldu.
Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən Sərəncama əsasən 20 noyabr Ağdam şəhəri günü kimi müəyyən olub.
Şəbnəm İsmayılova,
YAP-ın gənc fəalı