Analitika

Cəbrayıl şəhəri erməni vandallarının təcavüzündən sonra yenidən qurulur

İkinci Qarabağ müharibəsində qazanılan qələbədən sonra Prezident İlham Əliyevin nəzarəti altında işğaldan azad edilmiş ərazilərdə geniş tikinti-quruculuq işləri aparılır. “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” və “İşğaldan azad edilmiş ərazilərin Ümumi planı”na əsasən Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında yerləşən yaşayış məntəqələrinin yenidən qurulması istiqamətində məqsədyönlü işlər görülür. Ermənistan silahlı qüvvələrinin təcavüzkar hərəkətləri nəticəsində 1993-cü il avqustun 23-də işğal olunan Cəbrayıl rayonunun ərazisi də yerlə-yeksan edilmiş, bütün inzibati və yaşayış binaları dağıdılmışdı. Bu səbəbdən Cəbrayıl rayonunda da böyük yenidənqurma işləri həyata keçirilir. Baş plana əsasən müasir Cəbrayıl şəhəri yaxınlıqdakı beş kəndi əhatə edəcək və şəhərin ümumi ərazisi 625 hektar olacaq. Şəhərin bərpası və inkişafı üçün dörd mərhələ nəzərdə tutulur. Baş planda yaşayış üçün 143 hektar ərazi ayrılıb. Əhalinin 82 faizinin orta və azmərtəbəli çoxmənzilli binalarda, 18 faizinin isə fərdi evlərdə yaşayacağı planlaşdırılıb. Yaşayış evlərinin layihələndirilməsi zamanı şəhər ərazisindən səmərəli istifadə və müasir memarlıq həlləri də əsas götürülüb. Baş planın hazırlanması zamanı məskunlaşma sisteminin formalaşdırılmasında əhalinin məşğulluğunun davamlılığı da nəzərə alınıb. Bu səbəbdən də məşğulluq imkanları rayon ərazisindən keçən beynəlxalq əhəmiyyətli magistral yollar və zəngin təbii ehtiyatlar fonunda proqnozlaşdırılıb. Beləliklə, şəhərin iqtisadi inkişafında xidmət və sənaye sektorlarının böyük rol oynayacağı, digər yaşayış məntəqələrində isə kənd təsərrüfatı sahəsinin daha çox inkişaf edəcəyi göstərilib. Baş planda ictimai-işgüzar zona üçün ayrılan 22,87 hektar ərazidə inzibati və ofis binaları, mərkəzi meydan, mədəniyyət, ictimai-iaşə və turizm obyektləri yerləşəcək.

Şəhərin Baş planında nəqliyyatın planlaşdırılması zamanı təhlükəsiz hərəkət prinsipləri əsas götürülüb. Çünki yol şəbəkəsi piyada keçidi və velosiped yollarının, ictimai nəqliyyatın üstünlük təşkil etdiyi formada layihələndirilib. Şəhər daxilində təxminən 60 km uzunluğunda piyada və velosiped yollarının salınması planlaşdırılıb. Cəbrayıl şəhərində küçə-yol şəbəkəsinin ümumi uzunluğu 45 km-dən çox olacaq.

Rayonda əhalinin artım tempi nəzərə alınmaqla sosial tələbata uyğun ən müasir təhsil və səhiyyə ocaqları tikilir. Belə ki, şəhər ərazisində 1 880 şagirdin təhsili üçün müasir şəhərsalma standartlarına uyğun üç tam və orta təhsil müəssisəsi, 960 uşaq yerlik dörd məktəbəqədər təhsil müəssisəsi, mərkəzi rayon xəstəxanası, poliklinika, mədəniyyət mərkəzi, inzibati mərkəz, idman komplekslərinin inşası planlaşdırılıb.

Hazırda Cəbrayıl rayonunda tikinti-quruculuq işləri sürətlə davam etdirilir. Təməli qoyulan yaşayış məhəlləsində 33 binanın inşası nəzərdə tutulub. 2026-cı ilin sonunadək 712 mənzilin təhvil verilməsi, həmin mənzillərdə təqribən 3800 nəfərin məskunlaşdırılması planlaşdırılır. 2040-cı ilin sonuna qədər isə Cəbrayıl şəhərində 15 min nəfərin yaşayacağı proqnozlaşdırılır. Beləliklə, Ermənistanın faşist siyasəti ilə 30 il ərzində talan edilən, dağıdılan digər ərazilərimiz kimi, Cəbrayıl rayonu da ölkə başçımızın düşünülmüş siyasəti və qətiyyətli rəhbərliyi sayəsində müasir formatda yenidən qurulur.

Şəbnəm İsmayılova,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button