Zəngilandan keçən logistik layihələr böyük əhəmiyət daşıyır
Davamlı qlobal urbanizasiya tendensiyaları fonunda hər bir ölkənin üzləşdiyi spesifik çağırış və imkanlar Böyük Qayıdış proqramının əhəmiyyətini daha da artırır. Ona görə də işğaldan azad edilmiş ərazilərimizə həyatın geri qaytarılması, dayanıqlı inkişaf, şəhər və digər yaşayış məskənlərinin yenidən qurulması sahəsində həyata keçirilən fəaliyyət, eləcə də Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinin diqqətinə çatdırılması, Azərbaycanın bu sahədə topladığı təcrübəni beynəlxalq tərəfdaşlarla bölüşməsi məqsədilə Milli Şəhərsalma forumlarının təşkil edilməsi mühüm əhəmiyyət kəsb edir. Şəhərsalma məsələsinin ölkəmiz üçün prioritetliyini nəzərə alaraq, Azərbaycan BMT-nin Məskunlaşma Proqramı (UN-HABİTAT) ilə əməkdaşlığa başlayıb.Bu əməkdaşlığın nəticəsində Azərbaycanda ilk dəfə olaraq 2022-ci il oktyabrın 5-6-da BMT-nin Məskunlaşma Proqramı ilə birgə Ağdam və Bakı şəhərlərində 44 ölkədən ümumilikdə 400 nəfər iştirakçının qatıldığı 1-ci Milli Şəhərsalma Forumu təşkil edilib. Beynəlxalq tədbirin açılış mərasimində çıxış edən Prezident İlham Əliyev azad edilmiş ərazilərimizə dair vacib məlumatları açıqlayaraq hazırda Böyük Qayıdış proqramının ölkəmizin qarşısında duran ən vacib məsələ olduğunu diqqətə çatdırıb. Beynəlxalq platformaların Azərbaycanda reallaşmasını şərtləndirən səbəblərdən biri ölkəmizdə mövcud olan siyasi sabitliklə bağlıdır. Ona görə də bir sıra beynəlxalq tədbirlər məhz ölkəmizdə keçirilir. İkinci bir məqam isə odur ki, rəsmi Bakı beynəlxalq platformaların təşəbbüskarı kimi çıxış edir. Bu da təbii ki, ölkəmizin dünyada getdikcə daha da artan nüfuzundan xəbər verir. Bu mənada 2-ci Azərbaycan Milli Şəhərsalma Forumunun keçirilməsi ölkəmizin yürütdüyü uğurlu daxili və xarici siyasətin, o cümlədən Qarabağ və Şərqi Zəngəzur ətrafında baş verən proseslərlə bağlı dünyaya doğru informasiyanın çatdırılması baxımından böyük əhəmiyyət kəsb edir. Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 29 yaşayış məntəqəsinin təməli qoyulub. Ümumilikdə 2021-2023-cü illərdə dövlətimizin başçısı tərəfindən 105 layihənin təməli qoyulub, 63 müxtəlif təyinatlı tikinti obyektinin açılışı olub. Ərazidə sosial infrastruktur yenidən qurulur, iki hava limanı, avtomobil yolları, dəmir yolu, su elektrik stansiyaları, su anbarları, məktəblər, xəstəxanalar və sair tikilib istifadəyə verilib, hazırda bu iş davam etdirilir. İşğaldan azad edilmiş ərazilərin 97 min hektardan çoxu mina və partlamamış hərbi sursatlardan təmizlənib. İkinci Azərbaycan Milli Şəhərsalma Forumunun sentyabrın 30-da Bakıda keçirilən sessiyaları ilə paralel Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrin şəhərsalma məsələləri üzrə nazirləri dəyirmi masa arxasında bir araya gələcəklər. Dəyirmi masa müzakirələrində regional səviyyədə dayanıqlı inkişaf məqsədlərinə çatmaq üçün çağırışlar və əməkdaşlıq imkanları müzakirə olunacaq. Eyni zamanda, iqtisadi cəhətdən inkişaf edə biləcək davamlı şəhərlərin qurulması ilə bağlı strategiyalar, davamlı inkişaf üçün regional tərəfdaşlıqların təşviqi məsələləri ətrafında fikir mübadiləsi aparılacaq.
Aynur Həsənova,
YAP-ın gənc fəalı