Ulu öndər Heydər Əliyevin xilaskarlıq missiyası
Şimalda və cənubda baş qaldıran separatizm ölkəni parçalamağa doğru aparırdı. Gəncə hadisələri, Əlikram Hümbətov və Surət Hüseynov faktorları vəziyyəti son dərəcə gərginləşdirmişdi. 4 iyun 1993-cü ildə Gəncə şəhərində baş vermiş hadisələr, qardaş qanı axıdılması isə dövləti tam iflic vəziyyətinə salmışdı. Xalq Naxçıvanda yaşayan ulu öndər Heydər Əliyevə üz tutdu, onun xilaskar qüdrətinə bel bağladı. Maraqlıdır ki, həmin vaxt AXC-Müsavat iqtidarı da ulu öndəri Bakıya dəvət edir və xilas yolunu yalnız onun siyasi hakimiyyətə qayıdışında görürdü. Lakin O, Naxçıvana onu gətirməyə gedən iki təyyarəni geri qaytarmış ve demişdi ki, mən bütün vəzifələri görmüşəm, bundan sonra mənə heç bir vəzifə lazım deyil. Lakin vaxtilə qurub- yaratdığı, canı qədər istədiyi Azərbaycanın iflic vəziyyətini görüb, nəhayət, razılaşmışdı. Xalqın təkidli çağırışı ilə ulu öndər Heydər Əliyev 9 iyun 1993-cü ildə Bakıya gəldi və mətbuat nümayəndələrini ətrafına yığıb Gəncə şəhərinə yollandı. Gəncə qarşıdurmasının nəticələrini görüb, məsləhət və tövsiyələrini verib geri qayıtdı. Milli Məclisdə yaranmış vəziyyətdən çıxış yolları barədə geniş məruzə etdi. Elə həmin gün Milli Məclisdəki proqram xarakterli nitqində o, Azərbaycanın demokratik dövlət quruculuğunun gələcək inkişafının prioritet istiqamətlərini müəyyən edərək göstərdi ki: “Biz Azərbaycanda demokratik, müstəqil respublika quraraq, sivilizasiyalı cəmiyyət uğrunda mübarizə apararaq, ümumi, dünyəvi, bəşəri dəyərlərin hamısından istifadə etməliyik. Biz çalışmalıyıq ki, Azərbaycan uzun illərdən bəri, müstəqilliyini qazandıqdan sonra bütün dünyaya öz tarixi nailiyyətlərini, öz milli ənənələrini nümayiş etdirə bilsin. Güman edirəm ki, Azərbaycan xalqının bu barədə həm tarixi, həm müasir potensialı olduqca böyükdür. Bunların hamısından səmərəli istifadə olunarsa, Azərbaycan həm tam demokratik, hüquqi, həm də ümumbəşəri dəyərlərin əsasında qurulan demokratik bir cəmiyyət olacaq”. Bununla da xalqın ürəyində bir ümid çırağı yandırdı və yalnız bu dünya şöhrətli siyasətçinin ölkəmizi düşdüyü vəziyyətdən çıxaracağına ümid yarandı. O, 1993-cü il iyunun 15-də Milli Məclisdə yekdil səslə və alqış sədaları altında Ali Sovetə sədr seçildi və 3 oktyabr prezident seçkilərinədək bu vəzifədə işlədi. Bu seçim Azərbaycanın siyasi tarixində keyfiyyətcə yeni bir mərhələnin başlanğıcı oldu. 1997-ci il 27 iyunda Milli Məclisin qərarı ilə 15 iyun günü rəsmi olaraq Azərbaycan xalqının “Milli Qurtuluş Günü” kimi qəbul edildi. Bu tarixi qərarda deyilirdi ki, “Azərbaycan xalqının azadlığını, müstəqil dövlətçiliyinin müqəddəratının həll edildiyi ən ağır günlərdə Heydər Əliyevin öz xalqının iradəsinə tabe olaraq ölkə rəhbərliyinə qayıtması, əslində, onun müstəqil Azərbaycan Respublikasını, Azərbaycan xalqını, milli azadlıq hərəkatında qazanılmış tarixi nailiyyətləri məhv olmaqdan xilas etmək kimi çox çətin bir vəzifəni könüllü olaraq öz üzərinə götürüb, xilaskarlıq missiyasını şərəflə yerinə yetirdi. Bu, sözün əsl mənasında, “ömrümün qalan hissəsini də xalqıma qurban verirəm” deyib meydana atılan böyük ürəkli Vətən oğlunun öz xalqı, öz Vətəni qarşısında misilsiz fədakarlığı idi.
Rüstəmov Bəhruz,
YAP-ın fəalı