Azərbaycan – Türkiyə əlaqələri güclü və sarsılmazdır
Azərbaycan və Türkiyə arasında dostluq, qardaşlıq əlaqələri qədim tarixə malikdir. Əsrlər boyu Azərbaycan və türk xalqları həmişə bir-birinə dəstək olmuş, sıx əməkdaşlıq etmişdir. Ölkələrimiz arasındakı sıx əməkdaşlıq, qardaşlıq əlaqələrinin olması türkdilli ölkələr arasındakı münasibətlərə də öz təsirini göstərməkdədir. Münasibətlərin hazırki yüksək səviyyədə olması həm dövlətlər səviyyəsində göstərilən güclü siyasi iradənin həm də, cəmiyyətlərin buna böyük maraq nümayiş etdirməsinin nəticəsidir. Azərbaycan və Türkiyə tarixboyu həm çətin, həm də xoş günlərdə həmişə bir-birinin yanında olub. İki ölkə, iki xalq xoş günlərin sevincini birgə bayram etdiyi kimi, ən çətin məqamlarda da bir-birilərinə arxa, dayaq durmağı bacarıb. Biz Türkiyənin qətiyyətli dəstəyinə 44 günlük Vətən müharibəsi zamanı da bir daha şahid olduq. Həmçinin Azərbaycan da Türkiyənin problemlərinə, üzləşdiyi çətinliklərə həmişə yüksək həssaslıqla yanaşıb. Zəlzələ xəbəri çatar- çatmaz Azərbaycan bütövlüklə ayağa qalxdı.Dar gündə qardaşının yanında olduğunu göstərdi.
Türkiyə və Azərbaycanın təşəbbüsü ilə ölkələrimiz və bütövlükdə bölgə üçün önəmli bir sıra layihələr həyata keçirilib. Onlardan biri də Bakı-Tbilisi-Qars dəmir yolunun tikilməsidir. Uzun illər ərzində bu məsələ iki ölkə arasında, beynəlxalq maliyyə qurumlarında, sadəcə, müzakirə olunurdu. Bu önəmli layihə faktik olaraq, icra edilmirdi. Türkiyə, Gürcüstan və Azərbaycan rəhbərliklərinin iradəsi nəticəsində bu məsələnin həllinə nail olundu. Layihənin uğurla reallaşdırılması Azərbaycanı Türkiyə ilə dəmir yolu vasitəsilə birləşdirdi. Şübhəsiz ki, bu layihənin çox böyük, həm iqtisadi, həm də siyasi önəmi var.
Bu gün isə İğdır-Naxçıvan qaz kəmərinin çəkilişi qardaşlıq münasibətlərimizin tarixində önəmli hadisədir və ölkələr arasında əlaqələrimizə yeni təkan verəcəkdir. Eyni zamanda Naxçıvanın enerji təahlükəsizliyini daha böyük ölçüdə təmin edəcəkdir. Bununla da, Türkiyənin Azərbaycan, o cümlədən Naxçıvan Muxtar Respublikası üçün əhəmiyyəti daha bir istiqamətdə artmış olacaq.
Aynur Abbaszadə,
YAP Nizami rayon təşkilatının məsləhətçisi.