Analitika

Vətən müharibəsi nəticəsində Ermənistanın işğalçılıq siyasətinə son qoyuldu

Ölkəmizin tarixi Zəfərlə sona çatdırdığı 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ölkənin ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etmişdir. Ermənistanın Azərbaycana qarşı təcavüzünün qarşısını almaq məqsədi ilə 27 sentyabrda bütün cəbhə boyu əks-hücuma keçən Azərbaycan Ordusu 1990-cı illərin əvvəlində baş verən Birinci Qarabağ Müharibəsi zamanı Ermənistan tərəfindən işğal edilmiş əraziləri işğaldan azad etməyə başladı. 44 gün davam edən Vətən müharibəsi Şanlı Azərbaycan Ordusunun gücünü göstərərək Azərbaycanın qələbəsi ilə başa çatdı. Azərbaycanın mədəniyyət paytaxtı hesab edilən Şuşa şəhəri Şanlı Azərbaycan Ordusu tərəfindən azad edildikdən dərhal sonra, noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidenti münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzaladılar. 1 dekabr tarixi etibarı ilə Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi. Bu 44 günlük müharibə Azərbaycan torpaqlarının uzun müddət davam edən işğalına son qoydu. İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir. Bu Qələbə tarixdə əbədi qalacaq. Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində düşmən ordusunu məhv edərək ölkəmizin ərazi bütövlüyünü bərpa etdi. Düşmən torpaqlarımızdan qovuldu, ədalət və beynəlxalq hüquq bərpa olundu. Bu gün Azərbaycan dövləti qalib dövlət kimi yaşayır və bundan sonra müzəffər xalq və qalib dövlət kimi əbədi yaşayacaq. II Qarabağ savaşının başladığı günə qədər ötən dövr ərzində möhtərəm Prezidentimiz hər zaman öz çıxışlarında ölkəmizin ərazi bütövlüynün bərpa edilməsində, Qarabağ münaqişəsinin həllində ordunun üzərinə mühüm vəzifələr düşdüyünü bildirirdi. Məhz bu məqsədlərlə ötən 19 il ərzində ölkəmizin müdafiə sisteminin möhkəmləndirilməsi istiqamətində görülən işlərin, Silahlı Qüvvələrdə aparılan islahatların nəticəsi olaraq bu gün Azərbaycan Ordusu döyüş hazırlığına görə MDB məkanında ön sıralarda gedir. Məhz bizim şanlı ordumuz XXI əsrdə ilk dəfə olaraq irimiqyaslı hərbi əməliyyatlarda qalib gələrək öz ölkəsinin ərazi bütövlüyünü bərpa edib. Vətən müharibəsi nəticəsində Ermənistanın işğalçılıq siyasətinə son qoyuldu. Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu. Azərbaycan Ordusu nəinki bölgədə, həm də bütün dünyada hərbi potensialına, döyüş qabiliyyətinə, təchizata görə ən güclü ordular sırasında olduğunu bir daha təsdiq etdi.  Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən verilmiş antiterror əməliyyatlarına başlanılması barədə qərar 30 illik işğala və iki əsrlik tarixi ədalətsizliyə son qoydu. Bu gün Azərbaycan Ordusu sadəcə ölkəmizdə deyil, artıq həm də bütün Cənubi Qafqazda sülhün əsas təminatçısı kimi çıxış edir. Buna görə də Azərbaycan özünün hərbi qüdrətini daim artırmalı, Silahlı Qüvvələrinin döyüş hazırlığını hər zaman yüksək səviyyədə saxlamalıdır.Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq Prezident İlham Əliyevin imzaladığı 02 dekabr 2020-ci il tarixli Sərəncamla 27 sentyabr Azərbaycan Respublikasında hər il Anım Günü kimi qeyd olunacaq. Əlbəttə ki, bu Sərəncam da şəhid ruhlarına, şəhidlərin doğmalarına ölkəmizdə göstərilən ali ehtiramın bariz təzahürüdür.

Aynur Həsənova,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button