Azərbaycan regionun aparıcı dövlətləri sırasındadır
Azərbaycanın xarici siyasətində Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı maraqlara söykənən tarixi əlaqələrin daha da möhkəmlənərək, strateji tərəfdaşlığa çevrilməsi xüsusi önəm kəsb edir. Bu baxımdan Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Tacikistanda keçirilən Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşündə ilk dəfə olaraq, fəxri qonaq qismində dəvət olunması Azərbaycanın regionun aparıcı dövləti olduğunun göstəricisidir.
Azərbaycan Respublikası ilə Mərkəzi Asiya Respublikaları arasındakı mövcud əlaqələrin tarixi qədimdir. Mədəni sahədə qarşılıqlı əlaqələrin möhkəm təməli mövcuddur. Bu ölkələrin xalqları əsrlər boyu dostluq, həmrəylik şəraitində yaşayıb, dostluq ediblər. Bu mədəni bünövrə bu gün bütün istiqamətlər üzrə fəal qarşılıqlı əlaqələr üçün zəmin yaradır.
Otuz ildən artıqdır ki, Azərbaycan və Mərkəzi Asiya dövlətlər həm ikitərəfli, həm çoxtərəfli formatda fəal şəkildə qarşılıqlı fəaliyyət aparır, bir-birinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü dəstəkləyərək, iqtisadi əlaqələri fəal şəkildə inkişaf etdirir. Mərkəzi Asiya və Azərbaycan artan iqtisadiyyatı, demoqrafiyası və geosiyasi potensialı ilə dünya siyasətində strateji əhəmiyyətə malik olan vahid tarixi-mədəni coğrafi regiondur. Azərbaycan Respublikasının Prezidentinin Tacikistanda keçirilən Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşündə iştirakı region ölkələrinin Azərbaycan ilə dərin tarixi qarşılıqlı əlaqələrinin və əməkdaşlığın hazırkı yüksək səviyyəsinin daha bir təsdiqidir. Son iki ildə Mərkəzi Asiya dövlətlərinə doqquz dəfə səfər etmiş Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tacikistanda keçirilən Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşündə çıxışı zamanı bildirib ki, bu region ölkələrinin Azərbaycan ilə qarşılıqlı əlaqələrinin və əməkdaşlığın yüksək səviyyəsinin daha bir təsdiqidir. Bu müddət ərzində bütün qardaş dövlətlərin başçıları Azərbaycana dəfələrlə səfərlər ediblər. İlin sonuna qədər qarşılıqlı səfərlərin fəal dinamikası davam etdiriləcək.
İkitərəfli əməkdaşlığın mühüm meyarlarından biri qarşılıqlı ticarətin və sərmayələrin artımıdır.Keçən il Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi 3 dəfədən çox, bu ilin 7 ayı ərzində isə daha 50 faiz artıb. Birgə sərmayə fondları yaradılıb, növbəti 3 il üzrə 1 milyard dollardan artıq qarşılıqlı sərmayələrin həcmi razılaşdırılıb. Biz artıq sənaye əməkdaşlığı, maşınqayırma, avtomobil sənayesi, gəmiqayırma, kənd təsərrüfatı, xüsusən də pambıqçılıq, ipəkçilik, bağçılıq və heyvandarlıq sahələrində çoxsaylı layihələri həyata keçiririk. Mehmanxana işi və turizm sahəsindəki sərmayə layihələri ilk icra mərhələsindədir. Biz Mərkəzi Asiyadan olan şirkətlərin bu yaxınlarda Azərbaycanda yaradılmış Ələt Azad İqtisadi Zonasına marağını görürük,deyə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tacikistanda keçirilən Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşündə çıxışı zamanı bildirib. Bütün bunlar Azərbaycanın iqtisadi gücünün günü-gündən daha da artdığını və ölkəmizin regional güc mərkəzinə çevrildiyinin göstəricisidir. Qeyd etmək lazımdır ki,Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasət kursu Azərbaycanın Qafqaz regionu ilə yanaşı, bütövlükdə dünya miqyasında iqtisadi-siyasi güc kimi nüfuzunun daha da artmasına və regionda lider dövlət olmasına hədəflənmişdir.
Həmidə Ələfsərova,
YAP-ın fəalı