Azərbaycan Respublikası Prezidentinin Düşənbə görüşü
Sentyabrın 14-də Tacikistan Respublikasının paytaxtı Düşənbə şəhərində Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşü keçirilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev görüşdə fəxri qonaq qismində iştirak edib. Azərbaycan Respublikası Prezidentini və digər dövlət başçılarını Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhman qarşılayıb. Ölkəmizin bu görüşdə iştirakı Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında olan çoxəsrlik dostluq və qardaşlıq əlaqələrinin gücünü göstərir.
Ölkələrimiz arasinda ortaq mədəni köklər dövlətlərarası əlaqələrin möhkəm bünövrəsini təşkil edir. Otuz ildən artıq müdddətdir ki, davam edən qarşılıqlı fəaliyyətin nəticəsi olaraq demək olar ki, Azərbaycan və Mərkəzi Asiya ölkələri bir çox sahələrdə-gəmiqayırma, avtomobil sənayesi, pambıqçılıq, ipəkçilik, kənd təsərrüfatı, maşınqayırma sahələrində əməkdaşlıq edir və bu əməkdaşlığı daha da inkişaf etdirmək üçün bir sıra tədbirlər həyata keçirir. Bu tədbirlərdən biri də fiber-optik infrastukturun yaradılmasına yönəldilmiş “Rəqəmsal İpək Yolu” layihəsidir.
Görüşdə həmçinin ikitərəfli əməkdaşlığın mühüm göstəriciləri olan qarşılıqlı ticarət və sərmayələrin artımı da qeyd edilib. Hər iki istiqamətdə göstəricilər üzrə artım müşahidə olunur. Buna sübut olaraq, keçən il Azərbaycan və Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi 3 dəfədən çox artım göstərmişdir. Qarşılıqlı əlaqələr sahəsində nəqliyyat və logistika xüsusi əhəmiyyətə malikdir. Şərq-Qərb marşrutunda böyük rolu olan Bakı –Tbilisi- Qars dəmiryolu xətti ölkəmiz tərəfindən daha da müasirləşdirilir,daşınan yüklərin həcmində bir milyon tondan beş milyon tona qədər artım olması nəzərdə tutulur. Şərq-Qərb nəqliyyat dəhlizinin rəqəmsallaşdırılması tranzit daşımaların şəffaflığının və iştirakçılar üçün bərabər şərtlərin təmin edilməsinin mühüm meyarlarından biridir.
Müstəqil dövlətlər kimi ikitərəfli və çoxtərəfli formatda həyata keçirilən fəal qarşılıqlı əlaqə göstərir ki, ölkələrimiz bir-birinin suverenliyini, müstəqilliyini, ərazi bütövlüyünü tanıyır və dəstəkləyir. Azərbaycan Respublikası Prezidentinin dəfələrlə Mərkəzi Asiya ölkələrinə səfər etməsi, habelə qardaş ölkələrin başçılarının Azərbaycan Respublikasına səfərləri ölkələrarası möhkəm və tarixi köklərə malik dostluq əlaqələrindən xəbər verir. Azərbaycan Respublikasının bu görüşə dəvət edilməsi regionda nə qədər böyük nüfuza malik olduğunu bir daha gözlər önünə sərir.
Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşlərinin keçirilməsi təşəbbüsünü 2017-ci ildə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev irəli sürmüşdür.
Abbasova Zərxanım,
YAP-ın gənc fəalı